Aygün Novruzova: Brend Sən

Elə bir cəmiyyət təsəvvür edin ki, insanlar tam olaraq özlərini tapıblar, istədikləri işlə məşğul olurlar və işlərində inanılmaz dərəcədə uğurludurlar. Hər peşə və ixtisas sahibi, hər sənətkar və yaradıcı insan özünü ifadə edə bilir və cəmiyyətdə öz mövqeyini tutub.

Bir də bunun əksini düşünün…


Pretty young woman with sketched strong and muscled arms
Elə bir cəmiyyətdə yaşayırıq ki, insanlar özlərini kəşf etməyə imkan tapmırlar, kompleksləri ilə yaşayır, həmişə nədənsə və kimdənsə çəkinirlər. İçində bir rəssam yatan həkim olur, musiqiçi olmaq istəyən həndəsədən dərs deyir və aya çıxmaq istəyən dənizin dibində neft çıxarmaqla məşğul olur.

İddia etmirəm ki, ideal cəmiyyət 10-20 ilə qurula bilər və ya ümumiyyətlə, tam ideal ola bilər hər hansısa bir cəmiyyət. Utopik xülyalar bizi öz həyatımızın qəhrəmanına çevirməyəcək. Amma sadəcə düşünün: Biz özümüzü dünyada sadəcə bir nöqtə kimi görürük, xəyallarımızda bütün dünyanı fəth edirik, əsl potensialımız isə kainatı fəth edəcək dərəcədə ola bilər.

Düşünün, Henri Ford maşından, Qraham Bell telefondan danışanda onlara necə reaksiya verilirdi. Henri Ford deyirdi: “İnsanlardan nə istədiklərini soruşsaydım daha sürətli at istədiklərini deyərdilər.” O isə təsəvvür ediləndən də bir pillə uzağa getdi və Ford maşınlarını yaratdı.

O zaman görünməyən mövcud deyil deməkdir sizcə?!

Fikirləşirdim ki, tendensiya yavaş-yavaş dəyişir və gənclər “çərçivədən kənar” da düşünməyə başlayıblar. Ancaq bu yaxınlarda olduğum bir təlim məni yenidən düşünməyə vadar etdi. Gəncliyimiz hələ də içindəki “özü”nü cəmiyyətə göstərməkdən çəkinir, komplekslərinin içində boğulur və “qonşular”ın nə düşündüyü onlar üçün hələ də prioritetdir…

Amma ümidsizliyə qapılmağa tələsməyin! Həmin tədbirdən diqqətimi çəkən digər bir məsələ isə o oldu ki, bu gənclik əslində problemlərinin fərqindədir və ondan azad olmaq istəyir. Sadəcə bunu nə cür başlamaq qaranlıqdır onlar üçün.
Düşünürəm ki, əgər hər kəs ilk növbədə içindəki “özü”nü kəşf etsə və öz fərqini bir brend olaraq ortaya qoya bilsə artıq böyük bir addım atılmış olacaq.

pb7

Bəs bunu necə etməli?!

Cavab kifayət qədər sadə, eyni zamanda da qəlizdir. İlk növbədə Şəxsi Brendi formalaşdırmaq prosesini öz əlimizə almalıyıq. Çünki biz istəsək də, istəməsək də şəxsi brendimiz mövcuddur, sadəcə əsas məsələ onu kimin formalaşdırmasıdır. Bu fikir bizim tanıdığımız, sevdiyimiz insanlar tərəfindən də formalaşdırıla bilər, bizi sevməyən və ya haqqımızda heç bir düzgün məlumata sahib olmayan insan tərəfindən də.

O zaman biz nəyi gözləyirik?! Başlamaq üçün möhtəşəm olmaq vacib deyil, möhtəşəm olmaq üçün isə başlamaq vacibdir. Elə isə başladıq!

İlk öncə özümüzə 5 sualı verməliyik:

1. Mənim əsas məqsədim nədir?
2. Mənim dəyərlərim hansılardır?
3. Məni motivə edən elementlər hansılardır?
4. Mənim həvəslərim nələrdir?
5. Başqalarından fərqləndirən cəhətlərim hansılardır?

Cavabları düşünərkən əsas məsələni yaddan çıxarmamalıyıq: “Nəyə görə tanınmaq istəyiriksə o işlə məşğul olmalıyıq, çünki nə ediriksə ona görə də tanınırırq.” (Kristian Anderson)

pb6

Kompyuterlər onlara yüklənmiş müəyyən proqramlar əsasında öz funksiyalarını yerinə yetirirlər. Biz insanlar da eləyik. Sadəcə kompyuterlərdən əsas fərqimiz ondadır ki, biz hansı proqramların yüklənməsinə özümüz qərar verə bilirik. Bu qərarlar isə bütövlükdə bizim həyat fəaliyyətimizi müəyyənləşdirir. Yuxarıdakı sualları da düşünərkən beyninizə yüklədiyiniz “proqramlar”ın klassifikasiyasını aparın və məqsədlərinizə uyğun olaraq hansılarının qalıb, hansılarının silinməli olduğuna qərar verin. Eləcə də yeni yüklənməli olan proqramları özlüyünüzdə müəyyənləşdirin.

Bu suallara səmimi və dürüst şəkildə cavab tapdıqdan sonra özümüzü kəşf etmək yolunda növbəti mərhələyə keçə bilərik. Bu haqda növbəti yazımızda danışacağıq.

 

Aygun Novruzova

GR8-in həmtəsisçisi,

Əməliyyatlar üzrə meneceri

 

Mənbə: Züleyxa jurnalı

Baxış sayı: 692

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir