İş Axtarma Prosesində Ayaqda Qalmaq Üçün 3 Əsas Motivasiya Vasitəsi

İş axtarma prosesində ruhdan düşməyib motivasiyada qalmaq çox önəmlidir. İşsizlik isə iş axtarana sıxıntı və ruh düşkünlüyü hissini yaşatdığı üçün motivasiyanı hər zaman yüksəkdə tutmağa mane ola bilər.

Bu prosesdə sizi hər zaman stimulda saxlayan bir neçə məsləhəti paylaşıram.

 

1. Evdən çıxın və alnınızda (xəyali) “Mən iş axtarıram!” damğasıyla gəzin.

Bəli, bəli əməlli başlı geyinin keçinin və çıxın evdən. Bu çox adi görünə bilər, ancaq evdə oturmaqla iş tapılmır. Evdə sizi özünüz və ailənizdən başqa, heç kim görmür. Evdən bir addım kənara çıxmaq isə, sizə sıfır tam milyonda bir faiz də olsa, iş tapmaq şansı qazandırır. (Qarşınıza çıxacaq qonşunuzun sizə edə biləcəyi iş təklifini unutmayın)

Sual yaranır: hara gedək? Yaşadığınız şəhərdəki tədbirlər və yığıncaqlara nəzər yetirin. Yaxşı axtarsanız və Facebookda faydalı qrup və səhifələri izləsəniz, ödənişsiz sərgilər, seminarlar, daha nələr-nələr tapacaqsınız.

Bəs bunlar nəyimizə lazımdır? Siz bir iş axtaran olaraq həmişə göz önündə olmalısınız. Yeni tanışlıqlar qurmalı və özünüzü hər fürsətdə tanımadığınız birinə təqdim etməlisiniz. Özünüzü təqdim etməyi praktika etmək həm sizi gedəcəyiniz iş müsahibələrinə hazırlayacaq, həm də yeni iş təklifi fürsəti yaradacaq. Bundan başqa, siz özgüvəninizi itirməyəcək və iş axtarma “prosesində” olduğunuzu hiss edəcəksiniz.

 

2. Seçici olmayın.

Ailə qurmaq istəməyən insanlara valideynlərin hər zaman qulağa sırğa eləmələrini istədiyi bir cümlə var: ” Yaşın artdıqca daha çox qüsur tapıb axırda heç kimi seçə bilməyəcəksən”.

Mən bu “qaydanı” ancaq iş axtarmada tətbiq etməyinizi istəyirəm. Vaxt keçdikcə və siz hər işdə bəyənmədiyiniz bir şey tapdıqca, həvəsdən düşür və başlaya bilmirsiniz.

İşin sirri başlamaqdır. Bir yerdən başlamaq. Ona görə də, gedin bu gün o “yox, mən daha yaxşılarına layiqəm” deyib rədd etdiyiniz işə başlayın! Sevməsəniz və daha yaxşısını tapsanız, ayrılarsınız. Mən buna beyni aldatma taktikası deyirəm. Siz hər gün durub işə gedərək və işləyərək yenidən özünüzə olan güvəni geri qaytarırsınız. Rahatlayırsınız ki, sizin işiniz VAR. Boş deyilsiniz. Ancaq o müddətdə də passiv qalmırsınız. Yenə o arzuladığınız işi axtarmağa davam edirsiniz. O işi tapanda isə, özünüzdən əmin bir şəkildə müsahibəyə gedirsiniz.

 

Vəə BONUS! Müsahibədə də danışmağa hekayəniz olur ki, bəs “mən bu iş vakansiyasını görənə qədər, necə “keşməkeşli” yollar keçmişəm, sevmədiyim işdə çalışmışam. Ancaq indi istədiyimi tapmışam!”

2-ci qaydaya əlavə olaraq qeyd edim ki, “başlamağa” sizi sevdiyiniz işə aparacaq, maaş verməyən təcrübə proqramları da daxildir. Nəəə??? Pulsuuuz??? Bəli. Pulsuz. Çünki şikayət etməyə vaxtımız yoxdur, işləmək lazımdır. Öyrənmək lazımdır. Həm də, bu təcrübə proqramlarını siz çox rahatlıqla tapa bilərsiniz. Necə? Sadəcə, istədiyiniz şirkətin qapısını döyərək (məktubla, zənglə, tanışla, dostla). Buna ayrıca bir yazı ayıracağam.

 

3. “Yox” cavabını sevin, ancaq ona öyrəşməyin.

Bizi ən çox həvəsdən salan şeylərdən biri də, göndərdiyimiz CV (rezyume) və müraciətlərə (application) gələn “yox” cavabıdır.

Bu yaxınlarda, bir layihə üçün gələn müraciətləri yoxlayırdım. Müraciət edənlər arasında çox yaxşı namizədlər var idi. Ancaq biz yalnız 10 nəfəri seçməliydik. 2 həftə vaxt verilmişdi. Seçim kriteriyaları içində İngilis dili biliyi və layihəyə olan maraq var idi. Müraciət edənlərin sayı 100 nəfərdən çox olduğu üçün o kriteriyaların içinə avtomatik 1-i də əlavə olundu: ilk müraciət edənlər.

 

Təsəvvür edin ki, siz müraciət etmisiniz, ingilis diliniz yaxşı və layihəyə olan marağınızı gözəl ifadə etmisiniz. Ancaq bir problem var. Siz sizin kimi ingilis dilisi yaxşı olan və layihəyə marağını eyni şəkildə – gözəl ifadə edən şəxsdən cəmi 1 dəqiqə gec “send” düyməsinə basmısınız.

Bu nə deməkdir? Siz gələn dəfə daha tez tərpənməlisiniz. Ancaq onu da unutmamalısınız ki, verilən hər “yox” cavabı sizin bacarıqsız və lazımsız olduğunuza görə deyil. Hardasa gecikməyiniz və ya şansınızın o dəqiqə sizinlə olmamasına görə idi. Bəs bundan nə nəticə çıxarda bilərik? Qətiyyən ruhdan düşməməli və özümüzə daha çox şans yaratmalıyıq. (1-ci qaydanı oxuyun)

 

Leyla Surxayzadə

GR8-in həmtəsisçisi,

karyera və şəxsi inkişaf üzrə məsləhətçi.

 

Mənbə: Züleyxa jurnalı

Baxış sayı: 2135

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
82Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir