Leyla Qasımova: Bəs yaxşı olsa?

Bu yaxınlarda bir xanım yolda mənə yaxınlaşıb salamlaşdı  və təlaşla belə bir sual verdi: “Məni incidən, əhvalımı pozan düşüncələrimdən necə yaxa qurtara bilərəm?” Həmin vaxt tələsdiyimdən qısaca “Yaxa qurtara  bilməzsən, əvəz edə bilərsən.” dedim və uzaqlaşmaq məcburiyyətində qaldım. Amma o qədər yerində verilmiş sual idi ki, onu hər kəslə paylaşmaq istədim.

 

Bu, qızıl qaydadır. Hər hansı bir şeyə diqqətinizi verdikdə o, sizə ya müsbət ya da mənfi hisslər aşılayır. Yadda saxlamalıyıq ki, müsbət və mənfi həmişə var. Onları qarşınızda fiqur kimi təsəvvür edin. Əslində, siz mənfini məhv etməyə, fikirləşməməyə çalışaraq, onunla mübarizə apararaq müsbət hiss edə bilmirsiniz, çünki belə etdiyiniz zaman gözünüz mənfinin üzərində olur.

 

Mənfiylə mübarizə aparmağa ehtiyac yoxdur. Adətən müşahidə edirəm ki, insanlar özlərini pis hiss etdikləri zaman bir də bu hissə görə pis olurlar. Rahat olun. Özünüzdə mənfini hiss etdiyiniz zaman bunu rahat qəbul edin. Bu, hansısa hadisənin sizdə yaratdığı düşüncəyə qarşı beyninizin verdiyi reaksiyadır. Bəzi vaxtlar müsbət və bəzən də mənfi aurada ola bilərik. Ona görə də, hər dəfə özünüzü pis və ya yaxşı hiss edəndə qəbul edin ki, bu, sizin reaksiyanızdır, siz deyilsiniz.

 

Üzünüzü müsbətə çevirin. Bu, hər vəziyyətdə fərqlidir. Siz müsbətə daha çox üzünüzü çevirəndə mənfi orda olsa belə, onu görməyəcəksiniz.

 

Məsələn, kiminləsə sevgi münasibətiniz varsa və diqqətinizi o münasibətin uyğunsuz tərəflərinə yönləndirsəniz, daha çox uyğunsuz məqamlarla qarşılaşacaqsınız. Yox əgər diqqətiniz partnyorunuzun və ya münasibətinizin sevdiyiniz tərəflərində olsa, qarşılaşdığınız hadisələr də sevdiyiniz şeylər olacaq. Hər halda vəziyyət nə olursa-olsun, partnyorunuzu və münasibətinizi xüsusi edən detallar mütləq var. Siz bu misalı istənilən vəziyyətə aid edə bilərsiniz.

 

Bir çox insan hələ reallığa çevrilməyən hadisənin mənfi olacağını düşünür. Məsələn, imtahan verəcək və əvvəlcədən deyir ki, nəticələr pis olacaq. Belə vəziyyətlərdə özünüzə deyin: “Bəs yaxşı olsa?”  Beyninizi “bəs”lərlə müsbətə kökləyin: “Bəs elə alınsa ki, mən o imtahandan keçsəm?”, “ Bəs mənim bu işim rahatlıqla alınsa necə?”

 

Hələ reallaşmayan şeylər haqqında mənfi düşünürsünüzsə, əmin olun, bu vərdişdəndir. Vərdişinizi hər dəfə özünüzə suallar verməklə yeniləyin. İlk vaxtlar beyniniz buna qarşı gəlməyə çalışsa da, sonra düşdüyü vəziyyətə öyrəşəcək.

 

Beyniniz də sizin idarənizdədir. Unutmayın.

 

Rutininiz xoş əhval olsun!

 

Psixoloq

Leyla Qasımova.

Mənbə: xeber365.com

Baxış sayı: 1159

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir