Leyla Qasımova: Hey, çıx o küncdən

İnsan özünə sərhədlər qoyacaq qədər Azad varlıqdı.

Bir  müddət əvvəl CİA agentinin öz iş təcrübəsi barədə söhbətini dinləyirdim. Söhbət zamanı ona “Sizin üçün indiyə qədər işinizdə nə daha çox maraqlı olub?” sualını verdilər. Verdiyi cavab isə belə idi: “Hansı cinayəti törətməsindən asılı olmayaraq, heç kəs daxilində pis biri olduğuna inanmır.”

Ağlıma bir yerdə işlədiyim insanlar gəldi. Vəziyyətləri necə olur-olsun, “Sən hesab elə ki, yaşlısan və bilirsən ki, tez bir zamanda öləcəksən, amma rahatsan, çox böyük həyatı geridə qoymusan. Mənə o həyatını necə təsvir edərsən?” dediyim zaman insanların reaksiya və istəklərinin, demək olar ki, eyni olduğunu görürəm. İnsan özünü yaxşı şeylərə layiq görür. Əslində, bunun əksi yarananda problem ortaya çıxır. Fikir vermisiniz, balaca uşaq bir şey istəyəndə onu ürəkdən istəyir, fikirləşmir ki, bu, ona olar ya yox. Onu əldə eləmək üçün ağlayanda belə onun səsini hamı eşidir. Çünki bu uşaq istədiyi şeyə layiq olduğunu bilir. Onda hələ “Sən lazımsızsan, sən heç kimsən, sən dəyərsizsən” fikirləri formalaşmayıb. Uşaq həyatı tam yaşayır. O, güləndə və əylənəndə də bunu ürəkdən edir.

İnsan mayası bax bucür dəyərlə yoğrulub. İnsan olaraq mayamızda sadəcə müsbət axın var. Böyüdükcə müəyyən hadisələr baş verir, özümüz və ətraf barəsində fikirlər formalaşır, bu fikirlər əsasında gələcək həyatımız qurulur. Adətən, valideynlərimiz öz valideynlərindən aldıqları psixoloji kodları bizə fərqində olmadan ötürürlər. Və bizdə özümüzə və həyata aid münasibət formalaşır. Sonralar bu münasibətin bizə verdiyi hisslə gerçək biz – yəni ruhumuz (əsl enerjimiz) arasında qarşıdurma yaranır. Bizə əzab verən də bu qarşıdurma olur. Ruh özünü yüksək şeyləri yaşamağa layiq və dəyərli görür, ruh bacarıqlı olduğunu bilir, ruh yüksək olduğunu bilir. İnsanlardan bizə keçən inanc isə “sən yaxşı şeyləri yaşamağa layiq belə deyilsən”, “sən sevilməyə layiq deyilsən”, “sən heç kimsən” inancları olursa, onda əsl enerjimizdə – mayamızla bizə sonradan yeridilən “münasibətlər” toqquşur. Yaralanan isə yenə biz oluruq.

Birimizdə “həyat həqiqətən gözəldi” fikri formalaşdığı halda digərində “həyat ədalətsizdi, ağırdı” fikri formalaşır. Əslində, bu fikirlər mahiyyət etibarilə fərqlənsə də, sadəcə fikirdir, lakin həm də bizim reallıqlarımızı yaradır. Hər şeyə qarşı fikriniz var. Bu yaşadığınız hansısa təcrübə ilə sizdə yaranır, əlbəttə, siz fərqində olmadan. Sonra isə bu düşüncəni dəstəkləyən hadisələrlə qarşılaşırsınız. Əgər siz düşünürsüzsə ki, həyat çətindi, deməli, həqiqətən belə də olacaq, ta ki sizdə belə bir düşüncənin olduğunun fərqinə varıb, bunu dəyişdirənə qədər. Bu isə asan deyil, amma mümkünsüz heç deyil. İllərlə şüuraltında özünə əməlli yer eləmiş düşüncəni birdən-birə silib atmaq olmaz, olmur. Bunu bacaranlar isə mövcuddu, bunun üçün iradə və İSTƏK tələb olunur. İnsanlarda müşahidə elədiyim daha bir şey öz “münasibətlərinin dəyişilməz olduğuna inanmaları və əslində, gerçəyin məhz onların gördüyü və hiss etdiyi şəkildə olduğunu qəbul etmələridir. Bəs onda niyə bu qədər fikir qarşıdurması yaşanır? Hər kəs öz fikrini qızğın şəkildə müdafiə edir. Hər kəs özünü təsdiq etməyə çalışır. Çünki insanların psixoloji kodları ümumi dünyaya məhz bir tərəfdən baxmağı öyrədir və hər kəs öz küncündən dünyaya baxıb gördüyü şeyi deyir. Daha yaxşı görənlər isə yuxarıdan baxanlardır. Onlar bu insanların gördüyü hər şeyi görürlər, məhz buna görə onları başa düşürlər, amma həm də onların görmədiklərini görürlər, çox zaman da bir müddətdən sonra göstərməyə, “hey, gəl çıx o küncündən, bu tərəfdən də bax”, “bax burda belə bir görüntü var” demək ehtiyacı duymurlar. Çünki bilirlər. Bilirlər ki, insan ortada sonsuzluq olduğu halda özünə sərhədlər çəkən yeganə varlıqdı.

Rutininiz xoş əhval olsun!

 

Mənbə: xeber365.com

Baxış sayı: 2047

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir