Motivasiya üçün 10 addım

Motivasiya üçün motiv – yəni sizi hərəkətə gətirən bir səbəb lazımdır. Motivasiyanın yaranmasını gözləməyin, özünüz ona doğru gedin.

  1. Məqsəd qoyun. Məqsədiniz yoxdursa, motivasiyanız da olmayacaq. Məqsədlər kiçik və böyük ola bilər. Hələ böyük bir məqsədiniz yoxdursa və ya onu tapmaqda çətinlik çəkirsinizsə kiçik məqsədlər qoyun və onlara doğru addımlar atmağa başlayın. Kiçik məqsədlərə nail olmaq sizi daha böyük məqsədlərə doğru həvəsləndirəcək. Unutmayın ki, həyatdan nə istədiyinizi tapmaq üçün ürəyinizin səsini dinləməlisiniz. Bu səsi eşitmək üçün isə beyniniz rahat, enerjiniz bol olmalıdır. Gərginlik, ümidsizlik və əzginlik sizi özünüzdən uzaqlaşdırır. Ona görə də kiçik məqsədlərə hər gün idman və ya yoqa etməyi, meditasiyanı, təmiz havada gəzməyi, su içməyi və sağlam qidalanmanı daxil etməyi unutmayın. Bu sizi daha güclü və enerjili edəcək, bu zaman məqsəd özü gəlib sizi tapacaq.
  2. Qızıl saat qaydası. Gün başlayanda oyandığımız ilk saatda etdiklərimiz bizim bütün günümüzün gedişatını müəyyənləşdirir. Buna qızıl saat deyirlər. Qızıl saat qaydasına görə yuxudan oyanan kimi 30 və ya 60 dəqiqə ərzində kitab oxumaq bizim düşüncələrimizi yönləndirir. Oxuduğunuz material mütləq həvəsləndirici, pozitiv olmalıdır. İşinizlə də əlaqədar bir kitab oxuya bilərsiniz. Hər gün bunu etsəniz günə həvəslə başlayacaqsınız. Əgər qızıl saatınızı telefonun ekranına baxaraq, sosial şəbəkələrdə nə baş verdiyini yoxlamaqla itirsəniz, bütün gününüzün də bu cür qeyri-məhsuldar keçəcəyi ehtimalı böyükdür, bu da gələcəkdə öz bəhrəsini mütləq verəcək. Elə indi bir kitab seçin və yatağınızın yanına qoyun. Bu kitabı yalnız səhərlər oyananda oxuyun. Bitdikdə digərini götürün və beləcə davam edin.
  3. Ətrafınızdakı insanlara diqqət edin. Yataqdan güclə durur, bütün gününüzü həvəssiz keçirirsinizsə, heç nə etmək istəmir və getdikcə dibə batdığınızı hiss edirsinizsə dərhal ətrafınızda kimlərin olduğuna diqqət edin. Həyatı və insanları sevən, pozitiv düşüncəli, iş və ailə həyatında xoşbəxt olan insanların ətrafında buna əks olan bir insan görmək mümkün deyil. Dostlarınızı diqqətlə seçin. Onlar sizi həvəsləndirirlərmi? Sizə kömək edirlərmi? Yoxsa şikayətlərinizə dəstək verir və mənasız söhbətlərlə dəyərli vaxtınızı alırlar? Dostlarınız öz inkişaflarına vaxt ayıran insanlardırlarmı? Yoxsa həyatın götürdüyü axınla gedənlərdir? Yeni insanlarla tanış olun, onlara sizi maraqlandıran sualları verin. Ətrafınıza yalnız gülərüz, xoş rəftarlı insanları toplayın. Sizə xoş-əhval bəxş edən bir insan mütləq olmalıdır. Bu gün onunla görüşüb söhbət edin.
  4. Vərdişləriniz həyatınızın keyfiyyətini müəyyən edir. Hər gün etdiyiniz şeylərə diqqət edin. Hansı vərdişləriniz sizi geriyə doğru apardığını düşünürsünüz? Gec oyanmaq? Sosial şəbəkələrdən asılılıq? Yalnız asan olana doğru getmək istəyi? Tənbəllik? Daim şəraitdən və insanlardan şikayətlənmə? Pis vərdişlərinizi bir dəftərə yazın, onun əksini etmək üçün plan qurun və hər gün öz üzərinizdə işləyin. Vərdişi dəyişməyə sərf olunan zaman hər kəsdə müxtəlif olur. Sizdə 10 gün və ya 2 ay ola bilər. Yiyələnmək istədiyniz vərdişi hər gün etmək sizin üçün asanlaşdısa, bu həyat tərzinizə çevrilib deməkdir! 🙂
  5. Plan qurun. Bir dəftər götürün və burada yalnız arzularınızı, etmək istədiklərinizi qeyd edin. Siyahınız böyüdükcə siz də həvəslənəcəksiniz. Lakin bu arzular siyahı şəklində qalmalı deyil, onların reallığa çevrilməsi üçün hələ çox iş görmək lazımdır. Prioritetlərinizi müəyyənləşdirin və buna uyğun siyahınızı sıralayın, daha sonra hər birinin qarşısında son tarix qoyun. Siyahınızdakı hər bir punkt üçün bir plan hazırlayın. Məsələn, 1 il ərzində işləmək istədiyim sahə ilə bağlı 54 kitab oxuyacağam, bu isə həftədə 1 kitab deməkdir, məncə real səslənir. Digərlərinə də bu şəkildə dəqiq bir vaxt təyin edin və nə etməlisiniz aydın bir şəkildə yazın. Planınızı mütləq hər səhər duranda və axşam yatarkən oxuyun, bu sizi istədiyiniz həyata aparan bir yol xəritəsi olacaq. Bundan sonra yazdıqlarınızı bir-bir həyata keçirmək qalır. İlişib qaldığınız bir yer olarsa sizdən daha təcrübəli insanlara müraciət edin, sizə kömək etmələrini xahiş edin, inanın ki, insanlar bunu məmnuniyyətlə edirlər.
  6. Sağlam qidalanmanı seçin. Deyirlər ki, bağırsaq ikinci beyindir. Bağırsağınızdakı qeyri-sağlam mikroflora sizi depressiyaya gətirib çıxara bilər. Ona görə də daha çox təzə meyvə-tərəvəz yeməyə, su içməyə üstünlük verin. Yalnız ac olduğunuz halda yeyin, qarnınız quruldayanda ya da vaxtı gəlib deyə yeməyə başlamayın. Gündə 3 dəfə yemək şərt deyil. Suyu və ya meyvə şirəsini mütləq yeməkdən yarım saat əvvəl qəbul edin. Yeməkdən 2 saat sonra yenə maye qəbul edə bilərsiniz. Ətli, yağlı və bişmiş yeməklərin həzminə bədənimizin 70% enerjisi gedir, bu səbəbdən yeməkdən sonra yuxumuz gəlir, halbuki yeməyi enerji almaq üçün yeyirdik. Ona görə də hər gün bişmiş yeməklərdən daha çox meyvə-tərəvəz qəbul etmək şərtdir!
  7. Sevdiyiniz insanlara vaxt ayırın. Bu, ailəmiz və dostlarımızdır. Onlarsız qazandığımız heç bir uğurun bizim üçün bir mənası olmayacaq. Onlarla kiçik uğurlarınızı bölüşün. Sevdiyimiz insanların bizim enerji mənbəyimiz olduğunu unutmayın.
  8. Kitab oxumağı vərdişə çevirin. Xəyallarınızdakı həyatda siz kimsiniz? Məşhur musiqiçi? Yoxsa kosmonavt? Fərqi yoxdur, hər gün məşğul olmaq istədiyiniz sahə ilə əlaqəli bir kitab, məqalə oxuyun, təlim və seminarlara qatılın, audiokitablar dinləyin. Arzuladığınız sahəni öyrənmək üçün lazım olan kitabların siyahısını tərtib edin və sırayla oxumağa başlayın. Hər gün buna 30 dəqiqə vaxt sərf etsəniz 1 ilə bu sahə haqqında kifayət qədər məlumatlı olacaqsınız.
  9. Həyatınızda balans yaradın. Balans hər şeydir! Özünüzə həm iş üçün həm də istirahət üçün vaxt ayırın. İkisindən birini daha çox etmək sizi ya tənbəlliyə ya da sağlamlıqla problemlərə gətirib çıxara bilər. Yalnız işinizlə bağlı deyil, həm də bədii ədəbiyyat oxuyun. Qapalı məkanda qaldığınız qədər təmiz havada olmağa çalışın. Yalnız kompüter və telefonla deyil, ailəniz və dostlarınızla da vaxt keçirin.
  10. Nə əkərsən, onu da biçərsən. İndi olduğunuz hal sizin əvvəlki illərdə düşündükləriniz və etdiklərinizin nəticəsidir. Başqa bir həyat arzulayırsınızsa düşüncələrinizi dəyişin. Onda hərəkətləriniz, nəticədə həyatınız dəyişəcək.

Müəllif: Jalə Nəcəfova

Baxış sayı: 13336

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
150Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir