Gülüşün faydaları – Araşdırma

 

Ciddi sifət hələ ağlın göstəricisi deyil, Yer üzündəki bütün böyük axmaqlıqları məhz ciddi üz ifadəsi olanlar törədib. K.F.İ.Münxhauzen.  

Belə bir ifadə var: burnunu niyə sallamısan? Siz bu sözü deyəndə heç düşünmüsünüz ki, burnunuza baxasınız?  Baxmadığınıza əminəm, amma məsləhət görürəm ki, baxasınız, onda nə demək istədiyimi  başa düşəcəksiniz :)

İndi  isə burun və üz əzələləri sallanması prosesinin əksi olan gülüş haqda ətraflı danışmaq istəyirəm. Gülüş deyib keçdiyimiz əslində fiziologiyası, çox müsbət cəhətləri olan, insan psixologiyası və sağlamlığına, nəticədə də isə həyatına müsbət təsir edən çətin bir aktdır. Ard-arda baş verən qısa, spazmatik tənəffüs hərəkətləri ilə birgə üzün müəyyən qrup əzələləri yığılaraq  hamımızın bildiyi gülüşə məxsus üz ifadəsini yaradır. Tibdə gülüşün sağlamlığa təsirini öyrənən xüsusi bir sahə var. Helotologiya adlanan bu sahə psixiatriyanın bir istiqamətidir.

Bizim filosoflara inansaq, insan digər canlı məxluqlardan gülmək bacarığı ilə seçilir. Addison Cozef.
Müasir tədqiqatlara görə, gülüş 10 milyon əvvəl insan və insanabənzər meymunlarda yaranıb. Tədqiqatlar göstərib ki, meymunların balalarını qıdıqlayan zaman çıxardığı gülüş səsləri insan səsinə çox oxşayır.  Son zamanlar canlılardan siçanların da güldüyü aşkarlanıb, belə ki, onlar öz aralarında oynadığı zaman və onları qıdıqladıqda gülüş səsinə oxşar səslər çıxarırlar (bunu insan qulağı eşitmir).

 Gülüş də əsnəmə kimi yoluxucudur. Henrix Heyne.   

Gülüşün insan bədəninə təsirini öyrənmək üçün çoxlu sayda tədqiqatlar aparılıb və  aparılmaqdadır. Tədqiqatlar həddindən artıq çoxdur, onlardan bəzilərini nümunə gətirmək istərdim. Kaliforniya Berkeley Universitetinin apardığı 30 illik tədqiqatda maraqlı nəticələr ortaya çıxmışdır. Bu tədqiqat köhnə məzun albomlarının araşdırılmasına əsaslanır. Məqsəd  məzunların gülüşlərini ölçməklə əldə etdiyi uğurları, ətrafa necə təsir etdikləri, ailə həyatlarının uğurlu olub-olmaması və nə dərəcədə xoşbəxt olduqlarını öyrənmək idi. Onu da qeyd edim ki, məzun albomlarının birində  Barri (Barak) Obamanın da şəkli olub. Araşdırma nəticəsində daha çox gülən tələbələrin  böyük uğurlar qazandığı məlum olub. Buna bənzər bir araşdırma da Wayne Dövlət Universitetində aparılıb.  Bu tədqiqatda məqsəd gülüşün insan ömrünün uzunluğuna təsirini öyrənmək olub. Bu dəfə isə 1950-ci illərdə buraxılan beysbol kartları araşdırılıb. Belə ki, şəkillərdə gülməyən idmançılar orta hesabla 72 il, gülənlərin isə 80 il yaşadığı aydınlaşdırılıb. Bu və buna bənzər çoxlu sayda araşdırmalar gülüşün ömrün uzadılmasına və həyat keyfiyyətinə olan təsirini bir daha təsdiqlədi.

Vaxtilə Ç.Darvin digər nəzəriyyələri ilə yanaşı,  “Üzün əks reaksiyası” nəzəriyyəsini  yaratmışdı. Bu nəzəriyyəyə görə, gülüş yalnız yaxşı əhval-ruhiyyənin nəticəsi deyil, həqiqətən də insanın əhvalını yüksəldən bir aktdır. Bu nəzəriyyə öz təsdiqini almanlar tərəfindən aparılan tədqiqatda da tapdı. Tədqiqatda botoks inyeksiyalarından əvvəl və sonra beynin aktivliyi yoxlanılır, bunun üçün  funksional MRT (maqnit-rezonans tomoqrafiya) tətbiq olunur. Məlumdur ki, botoks inyeksiyaları gülüş  aktına cavabdeh olan  əzələlə sinirlərini iflic edir.

Nəticələr Ç.Darvinin nəzəriyyəsini bir daha təsdiq etdi, belə ki, gülüş, hətta səbəb olmadan üzdə bu ifadəni yaratmaq beynin emosional vəziyyətinə təsir edir və beləliklə də biz güləndə özümüzü çox daha yaxşı hiss edirik.

Britaniya alimləri müəyyənləşdiriblər ki, əhval-ruhiyyəni qaldırmaq üçün istifadə olunan şokolad belə gülüşün yaratdığı stumilyasiyaya çatmır, belə ki, bir gülüşün yaratdığı stimulyasiya 2000 şokoladın yaratdığı qədərdir. Şokoladın təzyiqinizi qaldıracağını, içində çoxlu miqdarda konservantın olduğu və digər mənfi cəhətlərini nəzərə alsaq, gülmək daha məsləhətlidir. Məhz bu cəhətləri və tam pulsuz başa gəldiyi üçün gülüşü mütləq gündəlik menyunuza daxil etməlisiz. :)

Gülüşlə bağlı çoxlu maraqlı faktlar  var. Müasir USM (ulstrasəs müayinə) aşkarlayıb ki, insan hətta ana bətnində olarkən də gülümsəyir. Yeni doğulan körpələr ilk günlərində ən çox yatarkən gülürlər. Onu da qeyd etmək lazımdır ki, hətta kor doğulan uşaqlar insan səsi eşidəndə gülürlər. Böyüklərdən fərqli olaraq uşaqlar gündə 400 dəfəyə yaxın gülürlər, böyüklər isə ən yaxşı  halda gündə 20 dəfə. Buna görə də uşaqlarla ünsiyyətdə olan böyüklər daha yaxşı əhval-ruhiyyədə olurlar.

Senior people playing cards in cafe

 

Xoşagəlməz şeylərdən şikayətlənmək qəzəbi iki qat artırır, onlara gülməyi bacarmaq isə qəzəbi öldürür. Konfutsi.

İndi isə gülüşün fiziki, psixoloji sağlamlığa və müvafiq olaraq həyat keyfiyyətinə necə təsir etdiyi barədə daha ətraflı. Çox insana maraqlı gələ bilər  ki, gülüş insanın əhvalını necə qaldıra bilər. Gülüş aktı zamanı  üz əzələləri sinir sistemi və beynin işinə çox müsbət təsir göstərən xüsusi impulslar ötürür, qana çoxlu miqdarda xoşbəxtlik hormonları olan endorfin, serotonin və neyropeptidlər daxil olur.

Maraqlısı odur ki, bu mexanizm hətta insanın əhvalı olmadıqda belə təsirlidir, belə ki, siz üzünüzdə saxta gülüş yaradırsınız, həmin təsir yenə özünü göstərir və beləliklə əhvalınız yüksəlir və siz həqiqətən də gülməyə başlayırsınız. Bu isə öz növbəsində gərginliyin (stress), baş və əzələ ağrılarının azalmasına gətirib çıxarır. Bununla yanaşı, qanda oksigen daşınması güclənir və  antitellərin səviyyəsi artdığından immun sistemi möhkəmlənmiş olur. Qanda tənəffüs yollarının selikli qişasını viruslardan qoruyanimmunoqlobulin A-nın miqdarı artır. Bundan başqa, gülüş yuxusuzluğu, fiziki, əqli və psixoloji gərginliyi aradan qaldırır. Gülüş astma tutmalarını yüngülləşdirir və hipertoniyadan əziyyət çəkənlərdə arterial təzyiqi aşağı salır (hipertoniya müxtəlif səbəblərdən arterial qan təzyiqinin artmasıdır). Gülüş zamanı damarların genişlənməsi nəticəsində təzyiq azalır. 10 dəqiqəlik gülüşdən sonra təzyiq 10-20mm / c.s. enir.

Qeyd etmək lazımdır ki, məhz bu xüsusiyyətlərinə görə gülüş müalicə üsulu kimi hazırda dünyanın ən böyük klinikalarında tətbiq olunur.  Tibdə yeni olsa da,  qədim tarixə malik Yoqanın bir istiqaməti olan Hasya Yoqa məhz gülüşlə müalicəyə əsaslanır. Burada əsasən gülüş stimulyasiyası və imitasiyasına yer verilir. Haasya Yoqa qrupla gülüş terapiyasıdır, bu bir növ tənəffüs gimnastikasıdır və burada müxtəlif tonallıqlı gülüşlər müxtəlif orqanların sağalmasına yönəldilir. Məsələn, “ho-ho” səsi qarın boşluğu orqanlarının sağalmasına yönəldiyi halda, “ha-ha” ürəyin işini stimulyasiya edir, “hi-hi” isə beyin qan dövranı və boğaz üçün xeyirlidir. Gülüş terapiyası hətta sağalmağa heç bir ümidi olmayan xəstələri belə ayağa qaldırıb. Bir neçə əsr əvvəl Parisdə yaşayan Qalli Matye adlı həkim xəstələrini nəinki dərman, həmçinin zarafatlar, gülməli hekayə və şən manhılarla müalicə edirdi və nəticədə onun xəstələri digər həkimlərin xəstələrindən daha tez sağalırdılar.

 Gülüşlə müalicənin kəşfi

Hazırda bütün dünyada gülüş terapiyası sürətlə inkişaf edir. Ən çox  ABŞ-da, o cümlədən Avropanın bir çox dövlətlərində də geniş tətbiq olunmağa başlayıb. Gülüşlə müalicənin maraqlı tarixçəsi var.  Onu da qeyd etmək lazımdır ki, bu metod tam təsadüf nəticəsində ortaya çıxıb. N.Kazins (amerikalı, psixologiya fənni tədris edən, jurnalist), kollagenoz xəstəliyindən əziyyət çəkir ( sümük və birləşdirici toxuma xəstəliyi) və uzun müddətli nəticə verməyən müalicələrdən sonra o, artıq hərəkət belə edə bilmir, hətta çeynəyə və ağzını aça bilmir. Üstəlik bütün bunlar güclü ağrılarla müşayiət olunur. Həkimlərsə Kazinsə bundan artıq kömək edə bilməyəcəklərini bildiririlər. Beləliklə, o, özü müalicə vasitələri axtarmağa başlayır. O zaman nevroloq Vilyam Frayın jurnallarda gülüşün xəstəlikləri necə müalicə etdiyi haqda yazılar dərc olunmağa başlayır və  Kazins bu metodla özünü müalicəyə başlayır: Xəstəxanadan çıxıb oteldə yaşayır və otağına kinoproyektor sifariş edib komediya janrında olan filmlərə baxmağa başlayır (baxıcısı ona bu işdə köməklik göstərir). Bir neçə gün o heç gülmür, sonra birdən  öz vəziyyətinə gülməyə başlayır: “Mən, axmaq, hərəkətsiz uzanmışam, gic kimi filmlərə baxıram və ciddi-ciddi düşünürəm ki, onlar mənim  həyatımı qurtara biləcəklər”.  Dəli kimi səbəbsiz gülməyə davam edərkən birdən kürəyindəki ağrının necə azaldığını hiss eləyir… Bir neçə həftədən sonra Kazinsin vəziyyəti nəzərəçarpacaq dərəcədə düzəlir. Bir neçə ildən sonra  o, nəinki xəstəliyindən qurtulur, yenidən işinə qayıdır, hətta sevimli pianosunda yenidən ifa etməyə başlayır. Elə bundan sonra da gülüşlə terapiya ciddi şəkildə öyrənilməyə başlanır. Hazırda dünyada “Gülüş klubları” və klinikalarda “Gülüş kabinetləri” fəaliyyət göstərir. Təkcə Mumbayda  500 belə klub var.  Amerika, İsveç, Fransanın bir çox klinikalarında isə gülüş terapiyası ilə məşğul olan kabinetlər açılıb, burda pasientlər xüsusi seçilmiş yumoristik videolara baxaraq müalicə alırlar. Xroniki xəstəliklərin müalicəsində də bu metod çox uğurla tətbiq olunur. Uşaq klinikalarında isə həkimlər və tibb bacıları kloun geyimlərində balaca pasientləri müalicə edirlər.

Xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların gülüşlə müalicəsi

Uşaqların bu üsulla müalicəsi məşhur amerika sirkinin direktoru Maykl Kristensenin 80-ci illərin əvvəlində  “Təcili yardım klounları”nı yaratmasından başlanır. Onun təklifi ilə bu  klounlar xərçəngdən əziyyət çəkən uşaqları ziyarət edir və onları əyləndirirdilər. Həkimlər klounların ziyarətindən sonra müalicənin effektivliyinin çox artdığını böyük təəccüblə qarşılamışdılar. Məhz o vaxtdan etibarən bu üsul geniş tətbiq olunur və gözəl nəticələr verir. Bu sahədə ən maraqlı və lazımlı işi İsrail gördü, belə ki, İsrail xəstəxanalarından birində həkim, tibb bacıları və fizioterapevtlər altı aylıq  təlim keçərək “tibbi klounlar” ixtisasına yiyələndilər və hazırda kurs məzunları ölkənin bütün böyük xəstəxanalarında çalışırlar. Almaniyada isə ağır xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün müalicəni əsl əyləncəyə çevirən həkim-klounların böyük assosiasiyası var. Belə birliklər Avstriya, Hollandiya və Çexiyada da mövcuddur. Hazırda bu hərəkata Polşa və Macarıstan da qoşulub. Yaponiyada isə vərəm xəstəxanalarında gülüş terapiyası uğurla tətbiq olunur.

Gülüş həzmi yaxşılaşdırır

Gülüş bədənin təmizlənməsi üçün ən təbii və yaxşı vasitədir. Belə ki, biz güləndə qarın əzələlərimiz gərginləşir, bağırsaq əzələləri isə dartılır, nəticədə bağırsaqların işi yaxşılaşır və orqanizmdən toksinlər, zəhərli maddələr xaric olunur. Başqa sözlə desək, gülüş bağırsaqları gimnastika elətdirir. Hələ min illər əvvəl Hippokrat gülüşün müalicəvi xüsusiyyətlərindən yazmışdı. Onun fikrincə, yemək zamanı yaxşı əhval-ruhiyyədə aparılan söhbət həzm sisteminin işinə müsbət təsir göstərir.

Gülüş insanı cavan və gözəl saxlayır 

Amerika alimləri üz əzələləri aktivliyi ilə beyin qan dövranı arasındakı əlaqəni müəyyənləşdiriblər. Güldükdə və ya gülümsədikdə beyin qan dövranı yaxşılaşdığından beynə daha çox oksigen gedir, bu isə emosional vəziyyətə müsbət təsir göstərir.Tədqiqatlar göstərir ki, tez-tez gülən insanlar problemləri asan həll edir, ürəyi açıqlığı, yardımsevərliyi, həmçinin nadir sevmək bacarığı ilə  fərqlənirlər.  Sifəti qırışmasın deyə gülüşünü boğmağa çalışan insanlar isə xüsusi ilə də qadınlar, əslində böyük səhvə yol verirlər. Belə ki, ”ciddi sifət”  üzü canlı emosiyalardan məhrum edir. Qırışlar məhz neqativ düşüncəli insanlarda daha çox olur. Ürəkdən gələn gülüş üz əzələlərini tonuslandırır, üzdə qan dövranını yaxşılaşdırır, bu isə dərinin tonusunu xeyli yaxşılaşdırır. Bundan başqa, əhvalınız olmayanda üzünüzün bütün əzələləri sallanmış olduğundan olursunuz “sallaq sifət”. Güləndə isə əksinə üz əzələləriniz qalxır və beləliklə, üzünüz daha cavan, gözəl, elastik və təravətli görünür.

Gülüş arıqladır

Gülüş insan bədəninə idman hərəkətləri kimi təsir edir. Məlum olub ki, 27 saniyə çəkən gülüş ürək-damar sisteminə 3 dəqiqəlik avarçəkmənin verdiyi təsiri göstərir. Başqa sözlə, kardioməşq (ürək əzələsinin məşqi) funksiyasını yerinə yetirir. Bir dəqiqə ürəkdən gülmək isə 40 dəqiqəlik qaçışdan alınan müsbət nəticəni verir. Ümumiyyətlə, gülüş məşqlərin effektivliyinin artmasına səbəb olur. Amerikalı psixoloq Henri Şvarts müəyyən edib ki, pis əhval-ruhiyyədə idmanla məşğul olmağın heç bir xeyri yoxdur. Nəticə onsuz da istənilən kimi olmayacaq. Yaxşı əhval-ruhiyyədə olub, tez-tez gülsəniz nəticə gözlədiyinizdən də yaxşı olacaq (idman vaxtı yox, ondan əvvəl ya idmanarası dincəldiyiniz vaxtlarda) 

Gülüş nifrətə qalib gəlir

Gülüş insanın psixoloji komfortuna, münasibətlərinə müsbət təsir göstərir. Özünə inamı aşağı olan insanlara gülüş terapiyası çox yaxşı təsir göstərir və bu problemdən azad edir. Gülüş terapiyası ilə mənfi emosiyalar olan nifrət, qəzəb, kin, qısqanclıq, qorxu və günah hissini aradan qaldırmaq olar. Burada əsas məqam özünə və öz səhvlərinə bir qədər ironiya ilə yanaşmaqdır. Belə yanaşma vəziyyətin kəskinliyinin nəzərə çarpacaq dərəcədə azalmasına və həyatda yaşanan və yaşana biləcək çətinliklərdən daha rahat keçməyə imkan verir. Artıq məlumdur ki, hirsli, aqressiv insanlar daha çox ürək xəstəliklərinə tutulurlar, şən olanlar isə əksinə, bu onunla əlaqədardır ki, gülüş ürək və qan damarları hüceyrələrini möhkəmləndirir.

Gülüş haqda  maraqlı faktlar

1.     Şən insanlar aqressiv insanlardan 40% az ürək-damar xəstəliklərinə tutulurlar. Ciddi rəqəmdir, deməli düşünməyə dəyər.
2.     Güləndə ağciyərlərdən 100km/saat sürətilə çıxan hava  bronxit və bronxial astma kimi  xəstəliklərdə bronxları bəlğəmdən təmizləyir və tənəffüsü yaxşılaşdırır.
3.     Gülüş insanın yaradıcılıq qabiliyyətini və  problemləri həll etmə bacarığını artırır. Beynin sağ və sol yarımkürələrinin arasında əlaqə yaradaraq limbik sistemi aktivləşdirir.
4.     İsveç həkimlərinin son 270 ildə apardıqları tədqiqatlar göstərir ki, teatr aktyorlarının arasında komediya janrı aktyorları dram aktyorlarından daha çox yaşayır.
5.     Gülüşü öyrənən beynəlxaq təşkilatlardan birinin konqressi zamanı gülüşlə müalicə alan xərçəng xəstələrinin sağlamlıq göstəriciləri digərlərindən çox daha yaxşı olduğu qeyd olunmuşdur.
6.     XII əsrdə həkimlər deyirdilər: “ Şəhərə təlxəyin gəlməsi sağlamlıq üçün 10 qatıra yüklənib gətirilmiş dərmandan daha xeyirlidir”.
7.      Həkim Tiso əmin edirdi ki, o, qızılcaya yoluxmuş uşaqları qıdıqlayıb güldürməklə sağaldırmış.
8.     Gülüş həyəcan və narahatlıq hissini aradan götürür: Malayziyada tələbələr arasında aparılan bir təcrübədə onlara  imtahan qabağı gülüşü imitasiya edən xüsusi tənəffüs hərəkətləri öyrədildi və nəticədə bütün tələbələr imtahanları asanlıqla və həyəcansız verə bildilər.
9.      Qərbdə satıcılar arasında aparılan maraqlı bir eksperiment göstərib ki, ən güləriz satıcıların xarakteri müəyyən vaxtdan sonra yaxşılığa doğru dəyişib, həmçinin psixoloji gərginlik nəticəsində meydana çıxan xəstəlikləri də aradan qalxıb.
10.  İngilis filosofu və həkimi Uilyam Osler gülüşü həyatın musiqisi adlandırıb və hər gün ən azı 10 dəqiqə gülməyin çox vacib olduğunu qeyd edib. Oslerə görə, İnsan 17 dəqiqədən çox gülürsə ömrünü 1 il uzatmış olur.
11.  AВŞ-da astronavtlığa namizəd seçimi zamanı onların yumor hissini və zarafat etmək bacarığını yoxlayırlar. Bundan başqa, ABŞ-da yüksək hərbi silahlı qüvvələrin üzvləri və həmçinin böyük korporasiyaların rəhbərləri 10 ildən artıqdır ki, yumor seminarlarında iştirak edirlər.Təlimi məşhur aktyor və ssenarist Çarlz Metkaf aparır və bunu yumorobika adlandırır.
12.   ABŞ Merilend Universitetinin kardiologiya mərkəzinin rəhbəri Maykl Millerə görə, gülüşü ürəyi sağlam saxlayan faktorlar siyahısına əlavə etmək lazımdır: hərəkət, yağsız qida və gündə bir neçə dəfə gülmək.

Düşündüklərim

Avstriyalı Ziqmund Foyeraben özünün  “Gülüş xərçəngi məhv edir” adlı kitabında deyir: “Gülüş və xəstəlik hər ikisi dünyagörüşüdür.  Bir insanın isə eyni vaxtda iki dünyagörüşü ola bilməz. Biri qalib gəlməlidir. Çalışın Gülüş qalib gəlsin”.

Gülməyi bacarmaq tək insanın xarakteri və həyat  tərzindən asılı deyil, burada cəmiyyətin rolu çox böyükdür. İnsanların əksəriyyəti qəbul olunmuş normalar, mental dəyərlərdən kənara çıxa bilmirlər, hətta bu, onların həyatını  zəhərləsə belə.  Bizim cəmiyyətdə isə  gülüşə, ümumiyyətlə  təbəssümə münasibət birmənalı deyil, küçədə çox nadir halda kimisə üzündə gülüşlə görə bilərsiniz.  Axı insan boş yerə niyə gülməlidir? Bu qədər problem varkən, ciddi və “ağır” olmaq dəbdə ikən, gülmək qeyri-ciddilik əlaməti sayıldığı halda niyə gülməlidir insan?!  Bir də üz əzələlərini əziyyətə salıb təbəssümlə gəzməlidir?!  Bu, bizim milli mental dəyərlərimizdən irəli gəlir, insan istəsə belə güləriz ola bilmir, çünki ona mütləq “dəli, yüngül xasiyyətli” damğası qoyulacaq. Amma səbəb daha dərində gizlənib, gülməyi və xoşbəxt olmağı bacarmayan insan digərlərinin xoşbəxtliyini qəbul edə bilməz. Şəhərimizdə isə sahib olduqlarından asılı olmayaraq, varlısı, kasıbı, xəstəsi, sağlamı, qocası, cavanı heç kim xoşbəxt olmağı bacarmır. İstisnalar əlbəttə həmişə var, lakin çox azdır. Gülməmək üçün ən yaxşı bəhanə isə “kefim yoxdur” cümləsidir, əgər artıq bu hissəni  oxuyursunuzsa, deməli bəhanə artıq ola bilməzJ  Əgər “ciddi sifət” problemlərinizi həll edəcək və sizi xoşbəxt edəcəksə buyurun, seçim həmişə sizindir.

Gülməyi öyrənmək istəyənlər üçün bir neçə məsləhət

Pessimistləri ətrafınızdan uzaqlaşdırın, komediya janrında olan filmlərə üstünlük verin, əhvalınızı pozacaq musiqi və verilişləri dinləməyin, baxmayın, xüsusilə də cinayətlərlə bağlı, rəqs və idmanla məşğul olun, bu zaman qana xoşbəxtlik hormonları daxil olur və əhvalınız xeyli yüksəlir.

Səhər gözlərinizi açanda  bacardığınız qədər uzun müddət gülümsəyin, nəticə sizi gözlətməyəcək. Bir şeyi yadda saxlayın ki, hər şey vərdiş halına salındıqdan sonra asandır. Gülməyə vərdiş edin. Həyata gülün ki, o da sizə gülsün. Unutmayın, nə versəniz onu da alacaqsınız, bu nə yeni kəşfdir, nə də uydurma, bu, enerji mübadiləsidir və bu haqda bilənlər nə demək istədiyimi başa düşdülər.  Unutmayın ki, əslində  gülməyi bacaran  insanlar əslində elə güclü olanlardır, doğrudur, cəmiyyət tərəfindən üzündən “zəhrimar” yağan insanlar güclü hesab edilir, amma gəlin bir baxaq, onlar işlərində uğurlar qazana, böyük iş adamı və sahəsində böyük adlar qazana bilərlər, amma xoşbəxtdirlərmi onlar? Həzz almağı bacarırlarmı həyatdan? Hakimiyyəti olmaq hələ güclü olmaq demək deyil, yalnız xoşbəxt olmağı bacaran insanlar güclüdürlər.

Üzünüzdən gülüş heç vaxt əksik olmasın:) 

Müəllif: Arzu Nəcəfova

 

Baxış sayı: 275

Xoşuna gəlirsə paylaş...Share on Facebook19Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Pin on Pinterest0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir